1974-cü il iyulun 20-də həyata keçirilən Kipr əməliyyatı ilə döyüşlərin və qarşıdurmaların heç əskik olmadığı bir zaman və məkanda demək olar sülh vahəsinə çevrilən Kipr adası Nikos Xristodulidisin Cənubi Kiprin lideri seçilməsindən dərhal sonra başda Amerika Birləşmiş Ştatları (ABŞ) olmaqla, xarici aktorlardan asılılığa əsaslanan yeni xarici siyasət və atılan səhv addımlar səbəbindən müxtəlif təhdidlərlə üzləşmək məcburiyyətində qalmağa davam edir.
Kipr adası İsrailə yardım üçün baza kimi istifadə olunurmu?
Biz görürük ki, Qərb dövlətləri İsrailə kömək etmək üçün bir çox yollardan istifadə edir. Siyasi və iqtisadi dəstək açıq şəkildə verilsə də, ən mühüm addım, şübhəsiz ki, çox vaxt gizli şəkildə həyata keçirilən hərbi yardım və əməliyyatlardır. Bu səbəbdən İsrailə çox yaxın olan Kipr adası və adadakı hərbi bazalar həyati əhəmiyyət kəsb edir.
Bu məqamda ABŞ və Böyük Britaniyanın Yaxın Şərqdəki hərbi əməliyyatlarında Cənubi Kiprin Pafos şəhərindəki hərbi hava limanı və cənubdakı hakim Britaniya bazalarından geniş şəkildə istifadə edildiyi mətbuatda tez-tez işıqlandırılıb. Beləliklə, Cənubi Kiprin bölgədə hansısa formada müharibəyə cəlb olunma riski artıb.
Bundan əlavə, 2018-ci ildən bəri ABŞ-nin rəhbərliyi altında fəaliyyət göstərən və iki tərəf arasında ötən aylarda imzalanan “strateji dialoq” razılaşması ilə ABŞ-nin bölgədəki strateji planlarına sadiq qalmağı öhdəsinə götürən Cənubi Kipr son illərdə İsraillə bir sıra hərbi əməkdaşlıq müqavilələri imzalayıb və birgə təlimlər keçirib.
Daha da önəmlisi, Cənubi Kipr rəhbərliyi İsrailə yardım üçün Kiprdən göndərilən hərbi daşımaların nələr olduğu, bu daşımalarda Cənubi Kiprdəki Britaniya bazalarından hansı şəkildə istifadə edildiyi və Cənubi Kiprdəki hərbi bazaların da bu daşımalarda istifadə edilib-edilmədiyi suallarına heç bir zaman dəqiq cavablar verə bilmədi.
Bunun təbii nəticəsi olaraq İsrail və “Hizbullah” arasındakı qarşıdurmalarda gərginliyin olduğu bir dövrdə “Hizbullah”ın öldürülmüş sabiq lideri Nəsrullahın iyun ayında Cənubi Kiprin İsrailə bazalarını açması halında hədəf olacağı yönündəki təhdidi ilə başlayan təhlükəli proses son olaraq təkcə Şimali Kiprdəki türk əhalinin deyil, Cənubi Kipr tərəfindəki əhəmiyyətli bir hissənin də reaksiyasına səbəb olan ABŞ-yə məxsus aviadaşıyıcı gəminin Limasol limanında lövbər salması ilə yeni bir mərhələyə qədəm qoymuşdu.
Problem Cənubi Kiprdən qaynaqlanır
Bu neqativ hallar qarşısında Cənubi Kipr rəhbərliyinə ilk olaraq Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hakan Fidan tərəfindən İsrailin Qəzza hücumlarında tərəf tutmamaq barədə xəbərdarlıq edilib. Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar Kipr adasını hədəfə çevirmək riski daşıyan birtərəfli və məsuliyyətsiz addımlar atmamaq barədə xəbərdarlıq edib.
Bu mühüm və vaxtında edilən xəbərdarlıqlara Cənubi Kipr tərəfinin cavabı “Kipr problemin deyil, həllin bir parçasıdır” şəklində mənasız rəsmi şüarla gəldi. Faktların qulağa xoş gəlməkdən o tərəfə keçə bilməyən içi boş dövlət şüarını məhv etməsini istəməyən Cənubi Kipr tərəfi həmişə olduğu kimi ritorika və qapalı dairəyə əsaslanan siyasətini davam etdirərək, həll yolunu ABŞ və Avropa İttifaqı (Aİ) səlahiyyətlilərinə sığınmaqda tapdı.
Bir neçə dəstək mesajından sonra Cənubi Kipr rəhbərliyi bölgədəki problemlərə göz yumaraq, özünü görünməz etdiyini düşünməyə davam edir. Bununla belə, yerlərdəki faktlar Cənubi Kiprin bölgədəki problemlərin mühüm hissəsi olmaqdan da o tərəfə keçərək, problemin özü olduğunu göstərir.
Əvvəla, Cənubi Kipr lideri Xristodulidisin ŞKTC və Türkiyənin artıq bir dövlət siyasəti halına gələn iki dövlətli həll siyasətindən imtina edəcəyi səhvi ilə öz xalqına ümid satmağa çalışması, sorğu nəticələrində də göründüyü kimi, artıq yunan icmasının böyük bir hissəsi tərəfindən dərk edilir. Üstəlik, xaotik dövrdə ŞKTC prezidentinin irəli sürdüyü və hər iki xalqın xeyrinə olacaq əməkdaşlıq təkliflərinin də qəbul edilməməsi adada qonşuluq münasibətləri ilə çiyin-çiyinə yaşamağa məhkum olan hər iki ölkəyə böyük ziyan vurmaqda davam edir.
İkincisi, Cənbi Kipr rəhbərliyinin daim öyündüyü, lakin əslində heç bir problemi həll etməyən, səmimiyyətdən uzaq sözdə Qəzzaya humanitar dəniz dəhlizi təmin edəcək “Amalthia” layihəsi belə uzun sürmədi və demək olar böyük fiasko ilə başa çatdı. Nəhayət, təəssüf ki, sürətlə daha böyük bir müharibəyə doğru inkişaf edən Yaxın Şərqdə baş verən proseslər Cənubi Kipr tərəfinin məsuliyyətsiz siyasəti nəticəsində bölgədən cəmi bir neçə yüz kilometr uzaqda olan Kipr adasına çox mənfi təsir göstərə bilər.
Cənubi Kipr rəhbərliyinin Şərqi Aralıq dənizinin silahlanma və hərbi sistemlərinə daxil olması, şübhəsiz ki, təkcə Cənubi Kiprdəki yunan əhalinin deyil, həm də Şimali Kiprdəki türk əhalinin təhlükəsizliyini təhlükə altına salacaq. Bu məqamda 2019-cu ildə Suriya ordusu tərəfindən Livan səmasında hücum edən İsrail döyüş təyyarələrinə atılan, lakin hədəfini vura bilməyən, 300 kilometr yol qət edərək, ŞKTC-nin Daşkənd kəndi yaxınlıqlarına düşən S-200 raketini xatırlatmaqda fayda var.
Təhlükəsizlik riskinə əlavə olaraq, xüsusilə turizm və ali təhsil sektorlarına əsaslanan adanın iqtisadiyyatının Kiprə dolayı və ya birbaşa hücumlardan, hətta spekulyasiyalardan da böyük təsirlənəcəyini asanlıqla təxmin edə bilərik. Nəticədə Yaxın Şərqdə gərginliyin tam sürətlə davam etdiyi və müharibənin genişlənmə riskinin günü-gündən artdığı bir mühitdə Kipr adası dünya siyasətində bir daha ön plana çıxıb.
Heç vaxt gerçəkləşməyəcək siyasi aldatmalar və macəralar naminə silahlanma fəaliyyətlərini gündən-günə artıran Cənubi Kipr rəhbərliyi bölgədəki problemin ən mühüm hissələrindən biri olduğunu göstərib.
Halbuki belə qeyri-sabit coğrafiyada adada sülh və əmin-amanlığı təmin etmək və onu onilliklər boyu saxlamaq asan olmayıb. Soyqırım cəhdləri yaşayan Kiprdəki türk əhali Türkiyə Ordusunun təmin etdiyi bu sülh və etimad mühitinin nə qədər dəyərli olduğunu çox gözəl bilir. Bu hadisələr hər zaman vurğuladığımız Türkiyənin adada təsirli və faktiki zəmanətinin nə qədər vacib və əvəzsiz olduğunu bir daha göstərdi. Türkiyə Cümhuriyyəti hər zaman Kipr türklərinin hüquqlarını və təhlükəsizliyini müdafiə etməyə davam edəcək. Türkiyə və ŞKTC-nin daxil olmadığı hər hansı siyasi tənliyin bölgədə uğur qazanma şansı yoxdur.
Asif Cəfərov
Ordu.az